Bakı. Trend:
Fars körfəzi və Hörmüz boğazından keçən gəmilər üçün sığorta tarifləri ciddi şəkildə yüksəlib.
Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Marsh McLennan" şirkətinin dəniz yükləri və logistika üzrə rəhbəri Markus Beykerə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, sığortaçılar hazırda körfəzə daxil olan gəmilər üçün gəminin ümumi dəyərinin 0,2 faizi həcmində ödəniş tələb edirlər. Münaqişədən əvvəl bu rəqəm 0,125 faiz təşkil edirdi. Qırmızı dənizdən keçid üçün sığorta tariflərinin də artdığı bildirilir.
Mövcud hesablamalara əsasən, 153 milyon dollar dəyərində yük daşıyan bir supertanker üçün əlavə sığorta xərcləri təxminən 75 min dollar təşkil edəcək.
Bundan əlavə, Markus Beyker qeyd edib ki, İsrail limanlarına daxil olan gəmilər üçün zəng tarifləri üç dəfədən çox artıb – gəminin dəyərinin 0,2 faizindən 0,7 faizinədək yüksəlib.