Bakı.Trend:
Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir. Bu dünya təcrübəsində geniş tətbiq olunan yanaşmadır. Sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementi yaratmaqla maliyyə yükünü artırmaq deyil. Bu özü-özlüyündə metodoloji yanaşmalara zidd olar.
Trend xəbər verir ki, bunu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” Qanunda dəyışiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Direktor müavini vurğulayıb ki, təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılıb.
“Hər hansı əlavə tarif elementlərinin tətbiqi hər hansı formada qadağan deyil və tarif xərclərini artıra bilməz. Sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin sabit və dəyişkən xərclər baxımından strukturlaşdırılması, o cümlədən xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır.
Fərz edək ki, 2 abonentimiz var, birinin 1, digərinin 2 mənzili var, hər ikisinin istehlak səviyyəsi eynidir. Bu məsələyə istehlak tarifi istiqamətindən baxdıqda 1 və 2 mənzili olan abonent eyni ödənişləri edir. Dəyişiklikdən sonra 3 mənzilin infrastuktur xərcləri 2 abonent arasında bölüşdürüləcək. Bu mövzuda bölgünün daha ədalətli şəkildə təmin olunmasını sabit tarif elementinin tətbiqində görürük. Sahə üzrə xərclər hətta istehlak olmasa belə, həmin abonentin xərclərinə aid ediləcək”, - deyə o qeyd edib.
Energetika nazirinin müavini Samir Vəliyev də öz növbəsində qanunvericiliyə yeni daxil edilən sabit tarif anlayışına belə izah verib:
“Deyək ki, vətəndaş elektrik enerjisinə ayda 5 manat pul ödəyir. Buraya həm bilavasitə elektrik enerjisinin istehsalına, həm də onun paylanılması, ötürülməsinə və sair çəkilən xərclər daxildir. Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma 2-də yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Amma yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Həmin iki mənzildə yaşamayanlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Əslində, bu, həmin binada yaşayanların yükünü azaldacaq. Bu istiqamətdə yük paylaşılacaq”.