...

ABŞ AUKUS çərçivəsində Avstraliya ilə sualtı qayıq sazişinə yenidən baxacaq

Dünya xəbərləri Materials 12 İyun 2025 07:18 (UTC +04:00)
ABŞ AUKUS çərçivəsində Avstraliya ilə sualtı qayıq sazişinə yenidən baxacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Avstraliya ilə qeyri-nüvə sualtı qayıqlarının inşasını nəzərdə tutan AUKUS sazişinə yenidən baxmaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə Financial Times qəzetinin yaydığı məlumatda bildirilir.

Nəşrin yazdığına görə, Pentaqon 2021-ci ildə Böyük Britaniya və Avstraliya ilə bağlanmış bu təhlükəsizlik sazişinə yenidən baxmağa başlayıb. Qərar Çinlə artan gərginlik fonunda qəbul edilib və sazişin effektivliyi sual altına alınıb.

AUKUS razılaşması 2021-ci ilin sentyabrında Hind-Sakit okean regionunda təhlükəsizlik əməkdaşlığını gücləndirmək məqsədilə Avstraliya, Böyük Britaniya və ABŞ arasında imzalanıb. Saziş çərçivəsində Avstraliyanın qeyri-nüvə texnologiyası ilə təchiz olunmuş sualtı qayıqlarla təmin olunması nəzərdə tutulurdu.

Qəzet yazır ki, sazişin yenidən nəzərdən keçirilməsi təşəbbüsü Pentaqonun yüksək vəzifəli rəsmisi Elbric Kolbiyə məxsusdur. Bu qərar isə London və Kanberrada ciddi narahatlığa səbəb olub.

Bununla yanaşı, AUKUS sazişi ABŞ-də bir çox qanunverici və ekspert tərəfindən dəstəklənsə də, bəzi tənqidçilər hesab edir ki, bu təşəbbüs ABŞ Hərbi Dəniz Qüvvələrinin imkanlarını zəiflədə bilər. Çünki Çin təhlükəsi fonunda ABŞ donanması özünün sualtı qayıq istehsalını gücləndirməkdə çətinlik çəkir.

Hazırkı mərhələdə Avstraliya AUKUS çərçivəsində nəzərdə tutulan sualtı qayıqlardan heç birini hələ əldə etməyib. Layihənin 2030-cu illərin əvvəllərində reallaşması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti