Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri (HHQ) Kirmanşahdakı hərbi bazada İranın daha üç "Kobra" zərbə helikopterini vurub.
Trend xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti yayıb.
Bildirilib ki, sözügedən helikopterlər İranın hava məkanında fəaliyyət göstərən İsrail təyyarələrinə qarşı istifadə olunmaq üçün nəzərdə tutulmuşdu.
Qeyd edək ki, daha əvvəl SAXAL eyni bazada İranın beş helikopterinin vurulduğunu açıqlamışdı.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.